Bu, oyun analizlərimin nəzərdən keçirəcəyim oyunun adətən janrı, müəllifləri və ya oyunun başqa bir aspektinin fəlsəfəsindən bəhs etdiyim bir hissədir. Bu dəfə bunu etməyəcəyəm. Əksinə, bu rəyin yalnız oyunu oynayanlar üçün olduğunu açıq şəkildə bildirirəm. Bunun səbəbi sadədir; çünki düşünürəm ki, hekayənin məğzi ilə bağlı çox dərinə getmədən, təsadüfən spoiler vermədən bir abzasdan çox danışa bilmərəm. Buna görə də davam etməzdən əvvəl Steam-ə girib Gone Home oyununu satın almağınızı və bir neçə saat ona qərq olmağınızı tövsiyə edirəm. Oyunu bitirdikdən sonra bura qayıdın və danışaq.
Gone Home-un quruluşu bir çox qərb və bəzi digər ölkələrdə olan gənclərin məktəbi bitirdikdən sonra bir il ərzində xaricə getmək və dünyanı görmək kimi belə desək bir yetkinlik ayinini əks etdirir. Mənim üçün bu dərhal oyunun tonunu təyin etdi, dostları yola salmaq xatirələrini canlandırdı və adətən uzun müddət sonra onların geri qayıdıb çoxlu hekayələr danışdıqlarını xatırlatdı. Eyni zamanda birbaşa universitetə getməyi seçib, heç vaxt bunu etmədiyim üçün kiçik də olsa bir itki hissi ilə dolu və dərhal o köhnə vaxtlara geri çəkildiyimi hiss etdim. Sanki yenidən yeniyetmə idim.
Gone Home-un ilkin olaraq qurduğu atmosfer düzünü desəm məndə oyunun bir az qorxu janrında olmağına dair təəssürat yaratdı. Qorxu janrının pərəstişkarı olduğumu nəzərə alsaq bu janrdakı oyunlara bir az simpatiya ilə yaxınlaşıb yüksək qiymətləndirirəm və Gone Home-u oynamağa dair oxuduğum tövsiyələr nə qədər coşğulu olsa da açılış səhnələri məni müəyyən bir məqamda qorxuducu bir şeylə üzləşəcəyəm və ya evin sakinlərinin başına gələn dəhşətli bir səhnə ilə qarşılaşacağam deyə düşündürdü. Ancaq vəziyyətin belə olmadığını gördükdə evdə dolaşmağa başladım və bu, əlimdəki dəlillərə əsaslanaraq çıxardığım mümkün nəticələrin məni səhv yola yönləndirdiyi bir situasiya idi. Senaristlərə bunun üçün çox böyük əhsən deyirəm.
Dizayn tərəfdən mən hekayənin məni bu evin mühitində yönləndirmə tərzindən çox təsirləndim. Yaxınlıqdakı bütün dolabları qarışdırdıqdan sonra avtocavab cihazına yönəldim (hansi ki bu məni qorxu səhnəsinə getdiyim fikrindən xilas etmədi) və sonra oradan araşdırmağa davam etdim. Əsas hekayə xətti birinci mərtəbədəki ilk bir neçə otaqda qurulub deyə hiss etdiyim üçün əvvəlcə yuxarı mərtəbəyə çıxmağa qərar versəydim Gone Home-la olan təcrübəm necə dəyişərdi əmin deyiləm. Məhz bura atanızın hekayəsi başladığı və Sam-in psixiki xəstələr evindən gələn bir qız olduğu üçün məktəbdə çətinlik çəkdiyini öyrəndiyimiz yerdir.
Sam-in hekayəsinə məni ilk cəlb edən, qeydlərində təsvir etdiyi şeylər oldu, xüsusən təcridlə bağlı təcrübələri mənim üçün çox təsiredici idi. O yaşlarda zorakılığa məruz qalmaq uşaq psixoloqiyasında çox böyün yaralar açır. Get-gedə ifrat təxəyyülüm məni istəmədiyim nəticələrə aparmağa başladı. Hekayənin mümkün nəticələrini düşünür və ən çox ehtimal olunan şey mənim qanımı dondururdu. Bir jurnalda "sənsiz yaşaya bilmərəm" kimi bir ifadə oxuduğumu xatırlayıram ki, bu ifadə sonrakı hadisələr nəzərə alınmaqla, Sam-in intihar etdiyi qənaətinə gəlməyimə səbəb oldu. Panikaya düşdüm, tavan arasının açarını götürdüm və oraya doğru mümkün qədər tez hərəkət etdim, göz qamaşdıran qırmızı işıqlar mənə epic ölçülərdə bir əlamət kimi görünürdü və birinin yuxarı qalxdığını, amma geri qayıtmadığını göstərirdi.
Orada cəsəd tapmaq əvəzinə bütün oyun ərzində retrospektivdə olan gündəliyi tapmaq məni necə rahatlatdı təsəvvür edə bilərsiniz. Bir çox insanın bunun bir Hollivud sonluğu olduğunu düşündüyünü eşitmişəm və bir növ elədir, amma mənim üçün bu, daha çox acılı-şirinli bir an idi. Şübhəsiz ki, Sam və Lonnie-nin həyatın onları ayırması yerinə öz ürəklərinin səsini dinləməyə qərar vermələri məni son dərəcə məmnun etdi, baxmayaraq ki gəncliyin gətirdiyi sadəlövhlüyü və bu cütlüyün qarşılaşa biləcəyi çətinlikləri hələ də canlı şəkildə xatırlayan biriyəm, bu hələ başlanğıcdır.
Mənim Gone Home-da ən sevdiyim tərəf hekayənin necə qaranlıq başlamasıdır ki, bu da sizi oyunun qorxu və ruhlarla dolu bir hekayə olacaqmış kimi düşündürür, amma daha çox oxuduqca və kəşf etdikcə hekayə daha da aydınlanır. Başlanğıcda atanızın uğursuz və çətin anlar yaşamış bir yazıçı olduğunu öyrənirsiniz, amma sonra onun ilk kitabının yenidən nəşr olunduğunu və bu uğur sayəsində başqa bir roman yazdığını öyrənirsiniz. Valideynlərinizin münasibəti sanki dağılmaq üzərə imiş kimi görünsə də onların Gone Home-da olmaması evlilik ildönümlərini qeyd etdikləri üçün ola bilər. Bəlkə də onlar ailə məsləhətçisi yanında seansda ola bilərlər, amma bu ən azından onların ailə olmaq, birlikdə qalmaq üçün mübarizə aparmağa hazır olduqlarını göstərir.
Bir müddət belə desək ruh/əmi alt mövzusunun əsas hekayə xəttinə nə qədər lazımlı olduğunu düşünürdüm, çünki bu, Gone Home-dakı digər hər şeydən sadəcə kənardaymış kimi görünür. Düzdür bu, hekayənin hansı istiqamətə getdiyindən əmin olmadığınız üçün başlanğıcda bir az gərginlik yaratmağa kömək etdi, amma bir dəfə artıq Sam və Lonnie ilə kifayət qədər maraqlanmağa başladığımız andan etibarən bu alt mövzu dərhal ikinci plan düşür. İndi etiraf edirəm ki, bəlkə də yazıçıların başından bəri niyyəti bu idi və buna görə də onları təqdir etmək lazımdır, lakin bilmirəm, bəlkə də qorxu janrına olan simpatiyam bu hissimi bir az da qabartmışdır.
Gone Home gözəl yazılmış bir interaktiv hekayədir. O, bir çox məsələlərə toxunur ki, onlardan ən azı biri sizin onu mənimsəmənizə zəmin yaradır və oradan sizi Sam-in dünyasına dartır və sizin onun hər bir duyğusunu, hissini yaşamanıza gətirib çıxardır. Hekayənin müəlliflərinə mənə bir potensial hekayə yolu göstərdikləri, hansi ki mən də həvəslə bunun ehtimal olunan ən mümkün yol olduğuna qərar vermişdim və sonra, son anda, gözləntilərimi alt-üst edərək və məni daha yaxşı ola bilməz deyə biləcəyim bir final səhnəsi ilə qarşılaşdırdıqları üçün çox böyük əhsən düşür. Əgər oyun oynamaqdan daha çox hekayəni üstün tutan birisinizsə, onda Gone Home-u qaçırmamalısınız, çünki bu, uzun müddətdir qarşılaşdığım ən yaxşı yazılmış oyunlardan biridir.
Oyunu əldə etmək üçün Gone Home Steam səhifəsi
Müəllif: Samir Ahmadli
rəy yazın